Oğruların dostu, milislərin düşməni, ulduzu oğurlanmış QƏHRƏMAN (FOTO-VİDEO)(1-ci hisse)

06.01.2016 00:00

Oğruların dostu, milislərin düşməni, ulduzu oğurlanmış QƏHRƏMAN (FOTO-VİDEO)Gəncədə bəlkə də ən çox onun haqqında rəvayətlər gəzir... Kimi onun dəli-doluluğundan, kimi cinayətkar ələmlə yaxınlığından, kimi də şəhər parkında qətlə yetirilməsindən danışır. O, Sovet İttifaqı Qəhrəman adına layiq görülmüş ilk azərbaycanlıdır. Həm də təkcə Azərbaycanda yox, İkinci Dünya müharibəsində ondan əvvəl Qafqazda heç kəs SSRİ-nin bu ali mükafatına layiq görülməyib. Hə, İsrafil Məmmədovdan danışacağıq.
1919-cu ildə anadan olub. Ailəsi Gəncəyə Şəmkirin Qapanlı kəndindən köçüb. Gəncə camaatı onun haqqında az qala dastanlar qoşub, davakarlığından, məzlumun, kimsəsizin himayəçisi olmasından söhbət açırlar. Və bu söhbətlərdə sözsüz ki, xalqın məxsusi əlavələri, bəlkə də heç vaxt baş verməmiş bir hadisəni həqiqiət kimi təqdim etmək cəhdi də var...
Cəbhədən cəbhəyə...
1938-ci ilin mart ayı idi... Gəncədə( o vaxtkı Kirovabad) çoxları elə bilirdi ki, İsrafili yenə tutublar, hansısa milis şöbəsindədir. Camaat sonralar biləcəkdi ki, əslində o, hərbi xidmətə yollanıbmış... Bu vaxta qədər isə İsrafil doğrudan da Kirovabad milisinin diqqətində olub. "Anam danışırdı ki, İsrafil tez-tez dalaşarmış. Qonşu küçələrdən nənəmizin üstünə şikayətə gələrlərmiş ki, İsrafil kimisə döyüb, ağız-burnunu qanadıb. Amma günahsız adamları döyməzmiş. İsrafil eşidəndə ki, şəhərdə kimisə təkləyib döyüblər, gedirmiş o adamların üstünə". Bunu İsrafil Məmmədovun bacısı oğlu Füzuli Hüseynov deyir. İsrafilin hərbi xidmət dövrü fin müharibəsi dövrünə düşüb. O, Kirovabada qayıtmadan Böyük Vətən Müharibəsinin iştirakçısı kimi Novqorod şəhərinə yollanıb.Arayış:
1939-cu ildə Sovet hökuməti hücum etməmək haqqında Sovet-Finlandiya müqaviləsini (1932) ləğv edib. Noyabrın 30-da müharibə başlayıb. 1940-cı il fevralın 11-də sovet qoşunları "Mannerheym xətti"nin zolağını yararaq Finlandiya ordusunun əsas qüvvələrini darmadağın edib. 1940-cı il martın 12-də Moskvada sülh müqaviləsi bağlanıb. Müqaviləyə görə Finlandiyanın bəzi torpaqları SSRİ-yə qatılıb.
İsrafil Məmmədov almanlarla müharibəyə baş serjant kimi yollanıb. Müharibənin ilk günlərindən fərqlənən İsrafil cəmi bir neçə ay sonra - noyabr ayının əvəllərində Novqorodun Pustınka kəndinin müdafiəsi uğrunda gedən döyüşlərdə 70-dən artıq alman faşistini öldürür və onlara tapşırılmış mövqeləri demək olar ki, təkbaşına qoruyur. Özü yaralandığı halda kömək gələnə qədər almanların kəndə yaxınlaşmasına imkan vermir. Bacısı oğlu deyir ki, bu barədə İsrafil Gəncəyə gələndə danışıbmış: "Anamgil deyirdi ki, o, səngərdə gah o başa qaçaraq atəş açıb, gah ortada da dayanıb, gah da səngərin bu biri başından atəş açıb ki, almanlar səngərdə bir nəfərin qaldığını hiss etməsinlər. Düşmən bir qədər də yaxınlaşanda o, snayperdən atəş açmağa başlayıb. Hətta sonda süngü ilə də döyüşüb və özü yaralı olduğu halda mövqeləri əldən verməyib". İsrafilin bu qəhrəmanlığı barədə məlumat qısa müddətdə Sovet rəhbərliyinə də çatır. Dekabr ayının 11-də SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə İsrafil Məmmədov Sovet İttifaqı Qəhrəmanı adına layiq görülür. 4 gündən sonra İsrafilin müalicə olunduğu hospitalın şəxsi heyəti farağat vəziyyətinə dayanır. Şimal-Qərb cəbhəsinin komandanı, general-leytenant Kuroçkin şəxsən özü İsrafilin yanına gələrək qəhrəmanın "Qızıl ulduz"unu və "Lenin" ordenini onun yaxasına taxır...
Birinci katibin 1-ci tapşırığı
İsrafil Məmmədovun qəhrəmanlığı barədə xəbər Mircəfər Bağırova da çatır. Elə həmin gün o, Kirovabad şəhər Partiya Komitəsinin rəhbərliyinə tapşırıq verir:
İsrafil Məmmədovun ailə üzvləri ilə əlaqə saxlanılsın, onlara xüsusi diqqət və qayğı göstərilsin!
Gecəynən şəhər bir-birinə dəyir. Milis şöbələri, prokurorluq işçiləri, xüsusi xidmət orqanlarının əməkdaşları ayağa qaldırılır. O zamanlar üçün çox böyük hadisə baş vermişdi - ilk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü - Kirovabadlı 22 yaşlı gənc! Milislər çaş-baş qalırlar. Dünənə qədər dava-dalaşa və digər qanundan kənar davranışlarına görə axtardıqları, "sutkalıqlarda" saxladıqları cavan oğlanın qapısına bu dəfə şad xəbər verməyə getməliydilər - Üçüncü vağzal küçəsi, 39 nömrəli evə.
İsrafil Məmmədov burada yaşayır? - Qapıda saysız milis maşınları, poqonlu şəxsləri görən Gülsüm arvad oğlunun qəhrəmanlığından xəbər tutmamışdı. İsrafilin "oralarda" da dinc dayanmadığını zənn edən Gülsüm xala, "Yox, tanımıram" deyir. Yazıq arvad İsrafilin dalınça o qədər milis şöbələrinə gedibmiş ki, bu dəfə artıq hövsələdən çıxır. Sonra qızlarına danışırmış ki, əvvəlcə elə bilib İsrafil "urusetdə" kimisə öldürüb, ona görə qapılarına bu qədər milis gəlib. Ona əvvəlcə deyəndə ki, oğlun 70 nəfəri öldürüb, Gülsüm arvadın cavabı belə olub: "Mən deyirdim də bu kopolu orada da dinc dayanmayajax.."
Birinci katibin 2-ci tapşırığı
Gülsüm arvadın oğlunu dandığını görən milislər əslinə onun niyə belə davrandığını yaxşı bilirdilər. Küçənin ayağında yaşayan qohumların qapısını döyürlər. Xəbər qonum-qonşuya da çatır: İsrafil Məmmədov qəhrəman olub. Camaat axışır İsrafilgilə ki, Gülsüm arvada göz aydınlığı versinlər. Ertəsi gün Mircəfər Bağırovdan daha bir tapşırıq gəlir:
- İsrafil Məmmədovun Kirovabadda yaşayan qohumları şəhərin hansı müəssisəsində çalışırlarsa, elə orada da rəhbər təyin olunsunlar!
Beləcə qəhrəmanın müəllim qardaşı məktəb direktoru, neft bazasında mühasib olan digər qardaşı bazanın müdiri təyin olunur. Beləcə, İsrafil özünün "Qızıl ulduzu" ilə həm də qohum-əqrəbasına səadət bəxş edir...
1942-ci ildə Mircəfər Bağırov şəxsən Stalindən xahiş edir ki, respublikada vətənpərvərlik ruhunun yüksəldilməsi, gənclərin qəhrəmanlığa həvəsləndirilməsi üçün İsrafil Məmmədovu cəbhədən geri qaytarsın. Bağırov birinci növbədə Kirovabad zəhmətkeşlərinə göstərmək istəyirmiş ki, Kommunist Partiyası qəhrəmanlarına hər cür şərait yaradır, onun nəinki özünü, hətta qohumlarını da göz üstə saxlayır. Beləcə İsrafil Məmmədov doğma şəhərinə qayıdır. Amma tək yox, ailəsilə. Yeri gəlmişkən, İsrafil qəhrəmanlıq etdiyi döyüşdən sonra Novqoroddakı hospitala göndərilib. Elə orada da tibb bacısı işləyən Yevdakiya ilə tanış olur və onlar evlənirlər. Bu nikahdan İsrafilin əkiz qızları dünyaya gəlir. İndi onlardan biri Novqorodda , digəri isə Riqada yaşayır.
İsrafil Məmmədovun Kirovabada gəlişi təmtəaraqla qeyd olunur. Şəhər camaatı gül-çiçəklə yollara düzülür, hamı onunla şəxsən görüşmək, əllərini sıxmağa çalışır. İsrafil şəhərə gələnə qədər isə Mircəfər Bağırov ona Kirovabadın mərkəzində iki otaqlı ev hədiyyə edir. İndi həmin ünvan qəhrəmanın ev muzeyi kimi fəaliyyət göstərir. Muzeyin direktoru ilə də maraqlı söhbətimiz oldu. Bu barədə bir qədər sonra...(ardi vardir)

Назад

Koнтакт

Голос Азербайджана (Azerbaycanin sesi)
Amerika -Vashinqton,Америка -Вашингтон

Новости

1 | 2 | 3 | 4 | 5 >>

© 2015 Все права защищены.

Создать бесплатный сайтWebnode