Kərəm Məmmədov: "Gəmilərimizlə hərbi donanmanı taran edəcəkdik"(2-ci hisse)

20.01.2016 23:21

- Siz hansı komandada idiniz?

- Mən admiral Sidorovla görüşə gedən qrupda idim. "Babazadə" gəmisinin kapitanı Müzəffər Əliyev idi. O zaman 7 kapitanın içərisində ən yaşlısı o idi. Çox vətənpərvər, qeyrətli, namuslu kişi idi. Sovet hərbi donanmasından bildirdilər ki, icazə verin iki gəmimiz çıxsın dənizə. Biz də dedik ki, ola bilməz. O gəminin içərisində şəhidlərimizi aparırsınız. Bunlarla dialoq nəticəsində belə qərara gəldik ki, biz o gəmilərin ambarlarını yoxlamalıyıq.

- Mülki gəmi ilə hərbi gəmini yoxlamağa getmisiniz.

- Dünya tarixində olmayan şeydir, mülki gəmi gedib hərbi gəminin ambarlarını yoxlamalıdır. Onlar razılaşdı. O zaman 7 kapitan arasında müşavirə keçirdik ki, kim gedəcək. Ağsaqqalımız Müzəffər Əliyev dedi ki, mən gedəcəm. O, "Babazadə" gəmisi ilə hərbi gəmilərin içərisinə getdi. Orada dənizə çıxmalı olan gəmilərin ambarları yoxlanmalı idi. Müzəffər müəllimi yola saldıq. Çox qorxulu idi. Müzəffər Əliyevi və onun ekipajını itirə bilərdik. Sovet ordusunun dişi qana batmışdı, heç kimdən heç nə soruşmurdular. İstədiklərini edirdilər. Müzəffər Əliyev ora gedib çatandan sonra bizə xəbər verdi ki, mühasirədəyəm. Məni tutmaq istəyirlər. Onda biz belə qərara gəldik ki, böyük gəmiləri lövbərdən çıxardıb, hərbi gəmiləri tarana getməliyik. Biz bunu elan etdik. "Sabit Orucov" gəmisi bizim qərargahımız idi. "Sabit Orucov" gəmisindən hərbi dənizçilərə bildirdik ki, əgər "Babazadə" gəmisini buraxmasanız biz gəmilərimizlə gəmilərinizi tarana gəlirik. Hərbçilər bunu başa düşdülər ki, biz bunu edə bilərik. "Babazadə" gəmisini buraxdılar. Onlar yenidən ratsiya ilə bizə dedilər ki, dənizə çıxacaq gəmilərdə yalnız hərbçilərin ailələridir. Onlar burada qala bilməzlər, yerli camaat onları öldürər. Ona görə də qorxularından Azərbaycanı tərk edirlər. Hərbçilər ailələrini Mahaçqalaya aparırdılar. Biz də dedik, ailələrini aparırlarsa lap yaxşı, biz yoxlayaq sonra getsinlər. Bu məsələdən sonra hərbçilərlə bizim aramızda gərginlik daha da artdı. Müzəffər Əliyev ikinci dəfə də böyük riskə getdi. Yazovla görüşməyə getdi. Biz də admiral Sidorovla görüşə getdik. Görüşlər qurtarandan sonra gəldik qərargahımıza, "Sabit Orucov" gəmisinə. O zaman Yazovla Müzəffər Əliyev arasında çox maraqlı dialoq olmuşdu. Yazov Müzəffər Əliyevə deyib, niyə qoymursunuz məni yatmağa, gecə-gündüz siqnal verirsiniz. Müzəffər Əliyev də deyib ki, sən buraya yatmağa gəlmisən? Yatmaq istəyirsənsə qoşununu götürüb Bakıdan çıx. Biz öz məsələmizi özümüz həll edəcəyik. Bu sözdən sonra Yazovun yanındakı əsgərlər avtomatla Müzəffər Əliyevi güllələmək istəyəndə Yazov icazə verməmişdi. Müzəffər Əliyevlə Yazovun görüşündə iştirak edənlər Arif Məlikov, Allahşükür Paşazadə və Tofiq İsmayılov olub. Yazov tərəfindən isə SSRİ daxili işlər naziri Bakatin və Bakı hərbi donanmasının komandanı admiral Lyaşenko idi.

Sidorovla biz görüşəndə o bizimlə kobud danışdı, o bildirdi ki, Yazov mənə əmr verib, ya sizi gülləbaran etməliyəm, ya da buxtanı tərk etməlisiniz, səsinizi kəsməlisiniz. Biz də dedik ki, qərarımız qətidir. Çıxmayacağıq. Doğrudan da o zaman ölüm çox şərəfli idi. Ölümdən qorxu deyilən şey yox idi, ölüm sadələşmiş, adiləşmişdi. O, bizə dedi ki, yanvarın 24-ü saat 14:00-da Bakı buxtasında fövqəladə vəziyyət elan edəcəm. Yəni bizi gülləbaran edəcək. Bizə xəbərdarlıq etdilər.

Biz görüşlərimizi ratsiya vasitəsi ilə 120 gəmiyə çatdırmalı idik. Onlar hamısı bizi gözləyirdi ki, 7 kapitan hara getdi, kimlə görüşdü. Ratsiyada hamı 16-cı kanalla söhbət edirdi. Admiral Sidorovun xəbərdarlığı ciddi idi. Bununla bağlı ölçü götürməli idik. Ya buxtanı tərk etməli idik, ya da hücuma məruz qalacaqdıq. Mübarizə aparmalı idik. Ratsiya ilə dənizçilərə müraciət etdim ki, vəziyyət belədir. Kimin xəstəsi var, kim getmək istəyir getsin, biz sabah bu hadisəni gözləyirik. Dünya tarixində olmayan bir şeydir. Bilə-bilə ki, gülləbaran olacaq, bütün gəmilərin heyəti bu müraciətə görə məni biabır etdilər. Hamısı dedi, xəstə də özünsən, qorxaq da özünsən! Belə ruh yüksəkliyi vardı dənizçilərimizdə.

Həmişə o dənizçiləri görəndə baş əyirəm. Onların qabağında bir günahımız o oldu ki, bizim o zaman etdiyimizə siyasi qiymət verən olmadı. Bizim o zaman etdiyimizə siyasi qiymət verən olsaydı onların da başı dik olardı.

- Sidorovun xəbərdarlığının axırı nə oldu?

- Yanvarın 24-ü saat 14:00-da həm qurudan, həm də dənizdən (Mahaçqaladan da əlavə gəmilər gəlmişdi) bütün gəmiləri gülləyə tutdular. Sonradan xəbərim oldu ki, Abşeron oteli var idi, bu hadisəni Qazaxıstanın xalq yazıçısı Oljas Süleymanov, Yusif Səmədoğlu və yazıçı Anar Rzayev oradan izləyiblər. Oljas Süleymanov başına vururmuş ki, onları niyə bu günə qoyurlar?

- Gülləbaranın nəticəsi nə oldu?

- Gördük gəmilər batır, lövbərdən çıxıb çəkildik. 50-dən çox kapitanımızı tutdular. Tutulanlara çox işgəncələr veriblər. Onları hava limanına aparıblar, oradan isə təyyarə ilə Krasnodara aparıblar. Krasnodarda bizim dənizçiləri əsgərlər əlində avtomat, it küçələrlə gəzdiriblər, orada yaşayanların çoxusu da erməni idi. Onlar bizim dənizçilərə söyüb, təhqir edir, tüpürür, daşa basırmışlar. Sonra onları iki hissəyə bölüb bir hissəsini Orenburq, bir hissəsini isə Ulyanovsk şəhərinə aparıblar. Orada 30 gün işgəncə verəndən sonra onları buraxdılar. Şəhidlərimizin qırxında Bakıya gəlib çatdılar.

- Siz nə etdiniz?

- O zaman gəmi heyəti məni gəmidən düşürdü ki, get, sən çox danışırsan. 40 gün gizləndim. 40 gündən sonra üzə çıxdım.

- O zaman dənizçilərdən şəhid olan oldu?

- Çox şükür bizdən şəhid olan olmadı, ancaq dənizçilərin çox hissəsi sonra Qarabağ müharibəsinə getdi və çoxusu orada şəhid oldu.

- Bu qədər işlərin nəticəsi olaraq o dənizçilər barədə bir abidə ucaldılmayıb...

- Ona görə də, heç nə istəmirik. İndi gözəl şəraitdə yaşayırıq. Dövlətimiz bilsin ki, Azərbaycan Respublikasının əsasını 20 yanvarda fədakar dənizçilər qoydu. Çünki hamı qaçmışdı, başçı yox idi. Biz idik qoşunun çıxmasını tələb edən, biz elə iş apardıq ki, qoşun ikinci gün güllə atmadı. Onların fikri var idi ki, əhalini qırıb dənizə töksün, ancaq bizim apardığımız iş nəticəsində istəklərinə nail ola bilmədilər. 2000-ci illərə qədər çoxu elə bilirdi ki, rus geri qayıdacaq. Bizə o zaman ekstremist deyirdilər. Bizi tutub güllələyəcəkdilər. Şükürlər olsun ki, rus geri qayıtmadı. Bizim xalq, gənclər başa düşməlidir ki, rus bir əsirdə bizi iki dəfə qanımıza qəltan edib. Bəzi qurumlar maraqlanmır. Maraqlanmır ki, dənizçilər o qədər mübarizə aparıb, niyə onların apardığı işin üstü açılmır. Sizin vasitənizlə ayrı-ayrı qurumlara müraciət edirəm ki, dənizçilərin bu işinə siyasi qiymət versinlər.

Özüm yetimliklə böyümüşəm. İnsanın yetim olduğunu başa düşürəm. Ona xalq əl uzadır, yaxşı adam çörək verir, düz yol göstərir. Ancaq 20 yanvarda Bakı şəhərinin yetim olmağı mənə çox pis təsir etdi. Bakı yetim kimi idi. O zaman Heydər Əliyev başda olsaydı bu hadisələr də baş verməzdi. Ona görə də, prezidentimiz İlham Əliyevə müraciət edirəm ki, Xəzər Neft Donanma İdarəsinin sovet-rus qoşununa qarşı apardığı mübarizədən qalib çıxdıqlarına görə onların şərəfinə bulvarda bir abidə ucaldılsın. 7 kapitandan 3-ü ölüb, 4-ü qalıb. Biz də öləndən sonra bizi axtarmasınlar, bizi Azərbaycan xalqı bu abidəyə baxaraq yad etsin...

Səxavət Məmməd
Fotolar: Nurlan Gülməmmədov
Ölkə.az

Назад

Koнтакт

Голос Азербайджана (Azerbaycanin sesi)
Amerika -Vashinqton,Америка -Вашингтон

Новости

1 | 2 | 3 | 4 | 5 >>

© 2015 Все права защищены.

Создать бесплатный сайтWebnode