İlham Əliyevdən Kəmaləddin Heydərova gömrük zərbəsi

05.01.2016 21:29

Dövlət Gömrük Komitəsində həyata keçirilən radikal dəyişikliklər nəticəsində artıq idxal monopoliyası aradan qaldırılb. Bu barədə rəsmi açıqlama hələ ki yoxdur və yəqin ki, heç olmayacaq da. 

İdxal monopoliyasının  ləğvi barədə rəsmi açıqlama hökumətə o qədər də sərf etmir - bu, rəsmi təbliğat kursuna  uyğun gəlmir.  Baxmayaraq ki, prezident İlham Əliyev son mesajlarında həm yerli istehsalda, həm də idxalda monopoliyaların yolverilməz olduğunu dəfələrlə vurğulayıb.  Hər halda Dövlət Gömrük Komitəsinin idxal monopoliyasının ləğvi ilə bağlı bəyanat verəcəyini gözləmək az inandırıcıdır - bu qurumun intiharı deməkdir.

Bununla belə,  yüklərin qeydiyyat prosesinin sadələşdirilməsi, idxalçılara heç bir maneəsiz ölkəyə gətirdiyi malları sənədləşdirib daxili bazara çıxara bilmək imkanlarının yaradılması son 10 ildə hökumətin atdığı ən radikal və ən pozitiv qərardır. Təbii ki, gecikmiş qərardır. Ancaq indi bunu müzakirə etməyə ehtiyac yoxdur - əsas budur ki, gec də olsa qərar qəbul  edilib. 

Bu qərarın iqtisadi mahiyyəti budur ki, artıq idxalda tam liberallaşma mühiti yaranıb və bir azdan rəqabət nəticəsində daxili qiymətlərin xeyli ucuzlaşmasına təsir göstərəcək.  Bu həm də gömrük daxilolmalarının əhəmiyyətli dərəcədə artacağı anlamına gəlir - hər il gömrük sərhədlərində 5 milyar manata yaxın dövlət rüsumu şəxsi ciblərə axırdı.  

ASAN Xidmətin yaranması vətəndaşların məişət problemlərinin həllini sadələşdirmiş və şəffaflaşdırmışdısa, gömrük liberallaşması ölkənin biznes mühitini əhəmiyyətli dərəcədə sağlamlaşdırılmasına xidmət edəcək. 

Post-neft dövrünə indiki status-kvo ilə gedilməsi mümkün deyildi. Ölkənin üzləşdiyi iqtisadi sarsıntılar liberal iqtisadi sistemin qurulmasını tələb edir ki, bu yolda da ən böyük maneə oliqarxiyanın mövcudluğudur.  Bu problemlər çılpaqlığı ilə 2015-ci ilin 21 fevral devalvasiyasından sonra ortaya çıxdı. Elə həmin dövrdən başlayaraq da, iri oliqarxların vurulması prosesinə start verildi. Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyev işdən çıxarıldı və həbs edildi; sabiq MTN şefi Eldar Mahmudov, rabitə naziri Əli Abbasov işdən uzaqlaşdırıldı və hazırda istintaqları gedir. Yaxın keçmişin ən qüdrətli nazirlərindən olan Ziya Məmmədovun demək olar ki, bütün səlahiyyətləri əlindən alınıb və faktiki portfelsiz nazirə çevrilib. Bakının Dostluq Parkında oliqarxların 30-dan yuxarı villası sökülüb və s. 

Görünən budur ki, prezident İlham Əliyevin  vurğuladığı kimi "xüsusi imtiyazların" ləğvi dövrü başlayıb və proses gömrük monopoliyasının ləğvindən sonra kulminasiya nöqtəsinə çatıb. Əslində oliqarxik sistemin açarı elə gömrük monopoliyası idi. İri çaplı məmurların hər birinin gömrükdə monopoliya kvotası var idi - banandan, tikinti materiallarından, tutmuş adi xurmaya qədər hər şey inhisarda idi. Ən acanacaqlısı da budur ki, monopolistlərin gömrük sərhədlərində "səlahiyyətli nümayəndələri" olurdu. Ölkəyə hansı malın nə qədər buraxılması və ya buraxılmaması barədə qərarları "səlahiyyətli nümayəndələr" qəbul edirdi.  Ən müxtəlif mənbələrdən verilən məlumatlara görə, artıq "səlahiyyətli nümayəndələr" gömrük sərhədlərindən qovulub.

Beləliklə, növbə gömrük monopoliyasının başına duran fövqəladə hallar naziri Kəmaləddin Heydərova çatıb. Gömrük monopoliyasının ləğvini K.Heydərovla əlaqələndirmək formal olaraq bəlkə də məntiqsiz görünə bilər. Ancaq 10 il Gömrük Komitəsinə rəhbərlik edən cənab Heydərovun fövqəladə hallar naziri postuna adladıqdan sonra belə bu qurumu nəzarətdə saxlaması və idarə etməsi heç kimə sirr deyil. K.Heydərova "fövqəlnazir " əzəməti verən də onun funksional öhdəlikləri yox, gömrük monopoliyasınn başında durması idi. 

Gömrük xidmətinin K.Heydərovun nəzarətində olmasını WikiLeaks saytının açıqlanan məxfi teleqramlar da təsdiqləyir.  WikiLeaks saytının Azərbaycanla bağlı yayımladığı məxfi sənədlərdə ABŞ-ın ölkəmizdə səfiri olmuş Enn Dersinin 2006-cı il noyabrın 11-də Vaşinqtona ünvanladığı məxfi teleqramda diplomatın Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevlə görüşü barədə məlumat verilib. Dersinin məxfi teleqramında Aydın Əliyev maliyyə naziri Samir Şərifovdan gileylənib və Maliyyə Nazirliyinin Gömrük Komitəsindən dövlət büdcəsinə daxil olan gəlirlərin artırılmasını tələb etməsindən narahatlıq keçirdiyini Enn Dersinin diqqətinə çatdırıb: "Aydın Əliyev bildirdi ki, dövlət büdcəsinə daxil olan gəlirlərin artırılması fövqəladə hallar naziri Kəmaləddin Heydərov və müttəfiqləri ilə İlham Əliyevin yeni iqtisadi komandası arasında yaşanan gizli savaşı şiddətləndirə bilər. Aydın Əliyev özünü Heydərovun müttəfiqləri sırasında gördüyünü dedi".

Gömrük monopoliyası K.Heydərova həqiqətən fövqəl güc veririrdi. Kiməsə gömrükdə kiməsə darvaza, kiməsə pencərə, kiməsə nəfəslik açırdı. Yəni kimi istəsə xoşbəxt edə bilirdi və yaxud "özünü yaxşı aparmayanların" dərhal nəfəsliyini qapadırdı. İndi artıq fövqəl gücü əlindən alınıb və dərhal da Ziya Məmmədov kimi dişsiz bir nazirə çevriləcəyi gözlənilir.  Bir azdan onun haqqında əfsanələr uyduran da tapılmayacaq. Çünki nəfəsliklər artıq birdəfəlik qapadılıb, fövqələzəmət əriyib. 

Nəhayət, gömrük monopoliyasının ləğvindən sonra K.Heydərova məxsusluğu müzakirə predmeti olmayan, ölkənin ən böyük özəl şirkətlərindən sayılan "Gilan-holdinq"-in də çöküşü gözlənilir. Böyük neft dollarları kəsildiyindən holdinq milyonluq dövlət sifarişlərinə iddia edə bilməz. İkincisi, holdinqin gömrük monopoliyasından qazandığı milyonlar əldən çıxır. Üçüncüsü, holdinqə daxil olan istehsal müəssislərinin də "mühafizəçisi" gömrük monopoliyası idi. Məsələn, holdinqin tekstil müəssisəsinin istehsal etdiyi məhsulları rahat satmaq üçün ölkəyə tekstil məhsulları buraxılmırdı. Hər 3 amil "Gilan-holdinq"-in çöküşünü şərtləndirir. Axı onun gücü fövqəlbacarığında yox, inzibati resurslar idi - resurslar bitən kimi hər şey bitir.

Beləliklə, yaxın dövrlərin ən qüdrətli nazirlərindən biri K.Heydərovun da enişi başlandı. Ancaq bu da hələ son deyil. Prezident son mesajlarını təkcə gömrük sisteminin yox, həm də vergi və maliyyə sisteminin şəffaflaşdırılmasının vacibliyini vurğulamışdı...

Qadir İBRAHİMLİ

Назад

Koнтакт

Голос Азербайджана (Azerbaycanin sesi)
Amerika -Vashinqton,Америка -Вашингтон

Новости

1 | 2 | 3 | 4 | 5 >>

© 2015 Все права защищены.

Создать бесплатный сайтWebnode