Cəbrayıl rayonunun tarixi keçmişi haqqında -FOTOLAR

13.01.2016 23:33

Cəbrayıl rayonunun tarixi keçmişi haqqında -FOTOLAR1993-cü il avqustun 23-dən həsrətini çəkdiyimiz rayonlardan biri də Cəbrayıldır. Ərazisi 105 min hektardır. Bu torpaq onlarla tarixi abidənin məskəninə çevrilib. İşğala qədər rayonda tikiş, xalça, cihazqayırma sexləri, səkkiz sənaye obyekti fəaliyyət göstərirdi. Cəbrayıl milli aşıq-ozan sənətimizin baniləri - Dirili Qurbaninin, Aşıq Pərinin, Mücrüm Kərəmin, Aşıq Humayın vətənidir.
Cəbrayıl rayonu Azərbaycan Respublikasının cənubunda Kiçik Qafqaz dağlarının cənub Şərqində, Araz çayının sol sahilində, cənub tərəfdən İran İslam Respublikası, cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, Şimaldan Xocavənd, Şərqdən isə Füzuli rayonları ilə həmsərhəddir. Qarabağın öz dilbər guşələri ilə seçilən buz bulaqları, zümrüd meşələri, əzəmətli dağları, zəngin tarixi-mədəni abidələri ilə yadda qalan gözəl yerlərindən biridir bu torpaq. İran tarixçisi Həmdullah Qəzvininin (XIII-XIV əsrlər), Azərbaycan tarixçiləri A. Bakıxanov, Əhməd bəy Cavanşir, Mirzə Camal Cavanşir, Mirzə Adıgözəl bəy və başqalarının əsərlərində zəngin tarixi keçmişi olan Cəbrayıl haqqında qiymətli məlumatlara rast gəlinir.
15 aşırımlı Xudafərin körpüsü

Cəbrayıl rayonunun tarixi keçmişi haqqında -FOTOLAR

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri Qasım bəy Zakir, Cəlil Məmmədquluzadə vaxtilə Cəbrayıl qəzasının əhalisinin güzəranı, onların adət-ənənələri, mədəniyyəti barəsində maraqlı fikirlər söyləmişlər. Alimlərin fikrincə, Cəbrayıl əraziləri insanın formalaşdığı yerlərdən biri olmuşdur. Belə ki, məhşur Azıx mağarasının Cəbrayıl qəzası ərazisində olması, eyni zamanda Dağtumas kəndi yaxınlığındakı yaşayış üçün təbii məhsulların və əmək alətlərinin bol olduğu "Nəfəsli dərə" deyilən ərazidə yerləşən "Divlər sarayı" mağarası deməyə əsas verir ki, ibtidai insanın yaşadığı yerlərdən biri də məhz Cəbrayıl ərazisidir. Bəzi tədqiqatçılara görə, Azıxda yaşayan ulu əcdadlarımızla "Divlər sarayı"nda yaşayan qədim insanlar arasında müəyyən əlaqələrin olması istisna deyildir. Rayonun Diridağı zonası, Ziyarət və Gordubaba dağ əraziləri yaşayış üçün əlverişli olmuşdur. Bunlar bitki örtüyü ilə daha zəngindir. Diridağın cənub ətəklərində, Arazboyu zolaqlarında, Qız qalası yaxınlığında, hətta XX əsrin əvvəllərinə qədər də keçilməz meşələr var imiş. Fikrimizcə, bu dağın Diri adlandırılması da burada insanın yaşaması üçün hər şəraitin olması ilə bağlıdır. Şübhəsiz ki, hələ Cəbrayıl yer adının formalaşmasından çox-çox əsrlər öncə bu torpağın insanları ayrı-ayrı yaşayış məskənləri salmışlar.
Cəbrayıl rayonunun tarixi keçmişi haqqında -FOTOLAR

Cəbrayıl rayonunun adı rayonun mərkəzi olan Cəbrayıl kəndinin adından götürülmüşdür. Cəbrayıl kəndinin əsasını qoymuş Cəbrayıl ata VIII əsrdə yaşamış Sultan Əhməd adlı bir hökmdarın yaxın adamlarından biri olmuş və Ziyarət dağından Araz çayına qədər ərazilər Cəbrayıl ataya və onun övladlarına məxsus olub. (XVII-XVIII-ci yüzillərdə "Cəbrayıl" sözü ilə bağlı dolaşıq izahlar olub. Belə ki, 1873-cü ildə Tiflisdəki "Qafqaz" qəzetinin əməkdaşı H.Kokçayev yazırdı ki, "Cəbrayıl" tatar sözüdür, ona rusca "Qavril" deyilir. Bunu 19-cu yüzildə rus qafqazşünası K.Qan da təsdiqləyərək əlavə edir ki, bu adın islam dini ilə daha çox bağlılığı var. 1876-cı ildə Azərbaycana ikinci dəfə gələn Kokçayev bu dəfə etnoqrafik məlumatlara əsaslanaraq Cəbrayılı tarixi şəxs adlandırır, əvvəlkindən fərqli fikir söyləyir. Yazır ki, Cəbrayıl keçmiş zamanlarda yaşamış Soltan Əhməd adlı bir hökmdarın yaxın adamlarından olub. Ziyarət dağından Araz çayına qədər torpaqlar da məhz Cəbrayıla və onun qohumlarına məxsus imiş".)
Cəbrayıl rayonunun tarixi keçmişi haqqında -FOTOLAR

Cəbrayılın "ağa", "müqəddəs şəxs", nəhayət, "ata" adlandırılması sübut edir ki, o, həqiqətən, bu ərazilərin çox nüfuzlu adamı, doğma elini sevən, övladlarına, tələbələrinə doğru yol göstərən xeyirxah bir el ağsaqqalı imiş. Bu səbəblərə görə, Cəbrayıl ata ümumi qəbiristanlıqda deyil, o dövrün adətinə uyğun olaraq ona məxsus torpaqların lap yuxarı başında - Alpaşa dağının hündür və tamaşalı bir yerində ayrıca dəfn olunmuşdur.
Cəbrayıl kəndinin şimalında "Cəbrayıl ata" adı ilə məşhur olan bu məqbərənin uzunluğu 4,5 metr, eni 2,4 metr, hündürlüyü 1,8 metrdir ki, oradakı məzar və qədim yaşayış yerlərinin izləri indiyə qədər qalır. Cəbrayıl atanın Mirzəcan, Yarəhməd, Şahvələd, Bünyad, Qurban, Xubyar, Hasan və b. adlı oğlanları olduğu mənbələrdə göstərilir. Sonralar onun adından Cəbrayıllı tayfası formalaşmışdır. Orta əsrlərdən bəhs edən mənbələrdə məşhur şahsevən, Cavanşir, Əfşar və b. tayfalarla yanaşı, Cəbrayıllı tayfasının da adı çəkilir. Rus imperiyası işğaldan sonra vergi yığmaq məqsədilə siyahı tərtib edərkən (1823-cü il) Cəbrayıllı tayfasında 17 tirə, 443 ev, 2200 nəfərdən ibarət əhalini qeydə almışdır. XIX əsrin ikinci yarısında və XX əsrin 50-ci illərində Cəbrayıl kəndinə Qıraxdın da deyilmişdir. Bu da 1831-ci ildə Daşkəsən kəndində "Karantin" (qırx gün deməkdir) idarəsinin yaranması və 1848-ci ildə həmin idarənin Cəbrayıl kəndinə köçməsi ilə əlaqədardır. Yerli əhalinin dili dönmədiyindən "Qraxdın" kimi tələffüz etmişlər. Cəbrayıl ərazisi Midiya (e.ə. VII-IV əsrlər), Əhmənilər imperiyasının (e.ə. IV-III əsrlər), Albaniya (e.ə. IV-III əsrlər) dövlətlərinin tərkibində olmuşdur. Albanların dövründə Cəbrayıl ərazisi Pazkank, Əhristan və Dizak adlanan mahalın tərkibində olub.
Cəbrayıl rayonunun tarixi keçmişi haqqında -FOTOLAR

971-1086-cı illərdə Cəbrayıl Şəddadilərin, 1250-ci illərdən monqolların, 1387-ci ildən Teymurilərin, 1412-ci ildən Qaraqoyunluların, 1478-ci ildən Ağqoyunluların və nəhayət, 1501-ci ildən Səfəvilərin tərkibində olmuşdur. 1841-ci ildə Cəbrayıl ərazisi Mərkəzi Şamaxı şəhəri olan Xəzər vilayətinin, 1846-cı ildə isə Şuşa qəzasının tabeliyinə verilmişdir. 1873-cü ildə Cəbrayıl və ona qonşu olan ərazilər Şuşa qəzasının tabeliyindən çıxarılıb Yelizavetpol (Gəncə) quberniyasının tərkibində müstəqil Cəbrayıl qəzası təşkil edildi. Bu dövrdə Cəbrayıl qəzasının ərazisi 66,3 min kv.km, əhalisi 66360 nəfər olmuşdur. Qəza indiki Füzuli, Xocavənd, Qubadlı, Zəngilan rayonlarının ərazilərini əhatə edirdi.
Cəbrayıl rayonunun tarixi keçmişi haqqında -FOTOLAR
Cəbrayıl rayonu Azərbaycanın tarixi abidələri, eyni zamanda dini təyinatlı abidələri ilə zəngin rayonlarından hesab olunur. Rayonun köhnə qəbiristanlığında qədim yazılar yazılmış bir lövhə parçası aşkar olunmuşdur. Həmin yerdə, yolun qırağında isə iki başdaşı vardır. Başdaşılarının yuxarı hissəsində heyvan təsvirləri - dağ keçiləri və Qobustan qayaüstü təsvirlərini xatırladan müxtəlif tamqalar həkk edilmişdir. Cəbrayılın ətrafında müxtəlif bədii formaya malik qəbirdaşları vardır, onlardan qoç heykəli olan ikisi Azərbaycanın digər dağətəyi rayonlarındakı abidələrin analogiyasıdır.
Cəbrayıl rayonunun tarixi keçmişi haqqında -FOTOLAR

Cəbrayıl rayonunda müxtəlif türbələr - Dağtumas kəndində XIII-XVI əsrlərə aid türbə, Şıxlar kəndində yerləşən Şıxbaba türbəsi (XIV əsr), Xubyarlı kəndində XVI əsrə aid səkkizguşəli türbə və onlarla başqa tarixi-dini memarlıq nümunələri vardır. "Canqulu" və "Qumtəpə"kurqanları, Tatar kəndi yaxınlığındakı Qızılqaya dağındakı Sigeon tikintisi, Şıxlar kəndi yaxınlığında "Şəhərcik qalıqlar", "Qışlaq yerləri", Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Dağtumas kəndindəki "Başıkəsik Gümbəz" Sirik kəndindəki "Qala", "Qala", Diri dağındakı "Qız qalası", Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki "Sultan Məcid hamamı", Şıxlar kəndindəki "Dairəvi Türbə", Xubyarlı kəndindəki "Dairəvi" 8 guşəli türbələr və məqbərələr , türk  qəbiristanlığındakı türbə və məqbərələrin hər biri nəsildən-nəsilə ötürülmüş canlı tarixdir.
Cəbrayıl rayonunun tarixi keçmişi haqqında -FOTOLAR

Vahid Azərbaycan rəmzi kimi qəbul edilən Xudafərin körpüsü də Cəbrayıl rayonunda yerləşir. Bu körpü haqqında ilk məlumat VIII-IX əsrlərə aiddir. Xudafərin körpüsü Cənubi Azərbaycanla Şimali Azərbaycanın orta əsr şəhərlərini birləşdirən, karvan yolunun üstündə tikilib. O, həm də mühüm hərbi-strateji əhəmiyyət daşıyır. Araz çayının ən dar, qayalıqla əhatələnən yerində inşa edilmiş ilk körpü VIII əsrin sonu - IX əsrin əvvəllərindən başlayaraq, XIX əsrə kimi fəaliyyət göstərmişdir. Azərbaycan Abidələrini Müdafiə Təşkilatının sədri Şaiq İsmayılov bildirir ki, Xudafərin körpüsü Azərbaycanı birləşdirən simvolik bir abidədir: "Xudafərin deyiləndə ilk növbədə yadımıza Araz çayı üzərində salınan körpü düşür.
Cəbrayıl rayonunun tarixi keçmişi haqqında -FOTOLAR

Xudafərin Azərbaycan memarlıq sənəti tarixinin bəzəyi sayılan möhtəşəm tarixi abidələrimizdəndir. Araz çayı üzərində salınan iki Xudafərin körpüsü bizə məlumdur. Onlardan birincisi "Baş Xudafərin körpüsü" adlanır, uzunluğu 130, eni 6, hündürlüyü isə 12 metrdir. İkinci körpü isə 15 aşırımlı olmaqla uzunluğu 200, eni 4,5 metr, hündürlüyü 10 metrdir. Azərbaycanın memarlıq sənətində bu əzəmətli abidələr haqqında dünyanın bir çox alimləri qiymətli fikirlər söyləsələr də, körpülərin nə vaxt inşa edilməsi haqqında tarixdə yekdil fikrə rast gəlinmir.
Cəbrayıl rayonunun tarixi keçmişi haqqında -FOTOLAR

Baş Xudafərin körpüsünün daha qədim olması ehtimal edilir. Belə ki, bu körpünün Əhəməni imperiyası zamanında ağacdan tikilməsi və Eldəgizlər dövləti zamanında isə daş və kərpiclə üzləndiyi güman edilir. Bəzi mənbələrdə isə ikinci körpünün (e.ə.558-529) ağacdan müvəqqəti qurğu kimi inşa edilməsi, Elxanilər dövləti zamanında (13-cü yüzil) isə daş və kərpiclə üzlənməsi haqqında mülahizələr yürüdülür. İran tarixçisi Həmdullah Qəzvini əsərlərində körpülərin adını "Xuda-Afərin" kimi yazır ki, bu da farsca "Allah tərəfindən yaradılmış", "Allaha Mərhəba" mənalarını verir. Qəzvini yazır ki, Xudafərin körpüsü Məhəmməd peyğəmbərin yaxın adamı olan Bəkir ibn Abdulla tərəfindən miladi tarixlə 736-cı ildə inşa etdirilib. Bəziləri isə iddia edir ki, həmin şəxs körpünü tikdirməyib, yalnız təmir etdirib. Xudafərin körpüsünün Makedoniyalı İsgəndər, ya da Roma sərkərdəsi Pompey tərəfindən tikilməsi barədə də fərziyyələr irəli sürənlər var. Ancaq bu körpüləri inşa etdirən şəxsin adı barədə tarixi mənbələrdə heç bir dəqiq yazılı məlumat yoxdur. Araşdırmaçıların çoxunun fikrincə, hər iki körpünün dayaqları çayın ortasında olan təbii sal daşlar üzərində qurulduğundan onlara "Xudafərin" adı verilib. Hələlik Xudafərin körpüləri sirlərini açmayıb. Tarixçilər sirlər arasında ünvansız dolaşaraq gah körpülərin səmtini dolaşıq salıb onları Culfa yaxınlığında abidə kimi göstərir, gah da 1027-ci ildə Şəddadi hökmdarı 1-ci Fəzl və I Şah Abbas tərəfindən tikildiyini deyirlər. Bu körpünün Hindistandan başlayaraq Yaxın və Orta Şərq ölkələri, Rusiya və Qərbi Avropa ölkələri arasında Azərbaycanın iqtisadi və mədəni əlaqələrinin inkişafında böyük əhəmiyyəti olub".
Tarixən Xudafərin körpüsü Azərbaycanın quzeyi ilə güneyinin əlaqəsini möhkəmləndirən yeganə vasitə olub: "Bu körpülər həm də yüzillər boyu yadellilərin Azərbaycanın Quzeyinə basqınlarına da şərait yaradıb. Hər halda bu körpülər Azərbaycan inşaatçılarının müstəsna mühəndislik qabiliyyətinin ən gözəl nümunələrindən sayılır".
Cəbrayılda baramaçılıq, xalçaçılıq ilə məşhur olmuşdur. Qəzada 5 ipək fabrik olub. 1873-cü ildə Cəbrayıl və ona qonşu olan ərazilər Şuşa qəzasının tərkibindən çıxarılaraq Yelizavetpol quberniyasının tərkibində Cəbrayıl qəzası yaradılıb. Bu vaxt qəzanın ərazisi 6,63 min km², əhalisi 66.360 nəfər olmaqla indiki Cəbrayıl, Füzuli, Xocavənd, Qubadlı və Zəngilan rayonlarının ərazisini əhatə edib. 1876-cı ildə Cəbrayılda ilk rus məktəbi, 1912-ci ildə isə qızlar məktəbi açılıb. XIX-XX əsrin əvvəllərində Rusiya-İran dəmir yolu xəttinin Cəbrayıl ərazisindən keçən hissəsi çəkilib. 1905-1918-ci illərdə qəza Qaryagın qəzası adlandırılıb.
1930-cu il avqustun 8-də mərkəzi Cəbrayıl kəndi olmaqla, Cəbrayıl rayonu təşkil edildi. Rayonun ərazisi indiki hüdudları daxilində sahəsi 1050 km², əhalisi 24.300 nəfər olmuşdur.
İşğaldan əvvəl rayonda 72 orta və natamam məktəb, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtokulub, 78 kitabxana, 3 daimi, 4 səyyar kinoqurğusu fəaliyyət göstərirdi. Zəngin ekspanatları olan tarix - diyarşünaslıq muzeyi vardı. Əhaliyə 210 çarpayılıq mərkəzi xəstəxana və ümumi çarpayı sayı 245 yer olan kənd xəstəxanaları, Dağ Tumas, Quycaq, Balyand kəndlərində 11 həkim, 52 feldşer - mama məntəqəsi sakinlərə xidmət göstərirdi. İnsanların yeganə gəlir yeri torpaq idi.
1970-ci ildən başlayaraq rayonda quruculuq işləri geniş vüsət almışdı. Rayon mərkəzində bir vaxtlar "Dəyirman dərəsi" kimi tanınan boş ərazi ötən əsrin 80-ci illərində geniş yaşayış massivinə çevrilmişdi. Yaşı əsrlərlə hesablanan Xan çinar bu yurdun simvoluna çevrilmişdi. Rayonda irili - xırdalı 90 kənd vardı. Həmin illərdə camaatın güzəranı daha da yaxşılaşmağa başladı. Sözügedən dövrdə irəliləyişə səbəb olan əsas amil üzüm bağlarının salınması idi.
Rayon mərkəzini kəndlərlə birləşdirən yolların hamısına asfalt döşənmişdi. Hər 5-10 nəfər sakindən biri özünə minik maşın almışdı. Rayonda elmə, təhsilə maraq günbəgün artırdı. Çoxsaylı alimlərimizin, ziyalılarımızın şərəfli, şanlı ənənələri uğurla davam etdirilirdi. Cəbrayılın adı çox yerdə hörmətlə və məhəbbətlə çəkilirdi. Amma.... 1988-ci ildən başlayaraq rayonun "bəxtində qara zolaqların" sayı artmağa başladı. Cəbrayılın ərazisində ermənilərin yaşadığı iki kənd var idi: Hərəkül və Banazur.
Cəbrayıl rayonunun tarixi keçmişi haqqında -FOTOLAR

Cəbrayıl torpaqlarımızın müdafiəsində çox şəhidlər vermiş, onların bir çoxu «Azərbaycanın Milli Qəhrəmanı» yüksək fəxri adına layiq görülmüşlər: Şikar Aslanov, Kazım Məmmədov, Mətləb Quliyev və başqaları. Ümumiyyətlə, döyüşlərdə 180, atəşkəs dövründə isə 6 nəfər həlak olub. 14 nəfər polis, 60 nəfər mülki şəxs dünyasını dəyişib, 90 nəfərə yaxın isə əsir və itkin düşüb. Cəbrayıllılar içərisində 180 nəfərə yaxın Qarabağ müharibəsi əlili statusu alıb, 6 nəfər isə Azərbaycanın Milli Qəhramanı fəxri adına layiq görülüb.
Hazırda cəbrayıllılar arasında 351 nəfər şəhid ailəsi var. İşğaldan sonra cəbrayıllılar ölkənin 58 bölgəsinə səpələniblər
Yazıda Qorxmaz Abdulla, Arif Xəlilov, Tariyel Abbaslı SÖNMƏYƏN MƏŞƏL  Bakı, "Adiloğlu" nəşriyyatı, 2006, 124 səh. kitabından istifadə edilmişdir.
Zaur Əliyev
AMEA-nın əməkdaşı,
Diaspor və Lobbi Elmi Araşdırmalar mərkəzinin sədri,
Siyasi fəlsəfə doktoru

Назад

Koнтакт

Голос Азербайджана (Azerbaycanin sesi)
Amerika -Vashinqton,Америка -Вашингтон

Новости

1 | 2 | 3 | 4 | 5 >>

© 2015 Все права защищены.

Создать бесплатный сайтWebnode