Ankaraya növbəti zərbə - Türkiyəni kimlər nokauta salmaq istəyir?

13.01.2016 18:01

Ankaraya növbəti zərbə
Türkiyə iqtisadiyyatında əhəmiyyətli paya sahib olan turizm sektoru təlatümlü dövrə qədəm qoya bilər
Rusiya ilə yaranan təyyarə böhranından sonra yanvarın 12-də İstanbulda törədilən terror aktı qardaş ölkənin büdcəsini xeyli vəsaitdən məhrum edə bilər.
Demokratiya.info - nun məlumatına görə, Türkiyə ildə 45 milyona yaxın turist qəbul edir. Ötən il Türkiyənin turizm sahəsindən qazandığı pul 36 milyard dollar olub. Türkiyə Rusiyadan ildə təxminən 3,5-4 milyon turist qəbul edir. Bu isə ölkənin büdcəsinə ildə təxminən 4 milyard dollar pul gətirir. Lakin Rusiya ölkədə fəaliyyət göstərən turizm şirkətlərinə Türkiyə istiqamətdə turpaketlərin satışını qadağan edib.
Su-24 təyyarəsinin vurulmasından dərhal sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyədə terror təhlükəsinin yüksək olduğunu bildirərək ölkə vətəndaşlarını Türkiyəyə getməməyə çağırıb. Lavrov Türkiyənin Rusiya vətəndaşları üçün təhlükəsiz ölkə olmadığını bildirib. Və İstanbuldakı son terror aktı da Moskvanı haqlı çıxaran hadisə oldu. Amma Türkiyəni rahatladan bir məqam da var idi. Bu turizm qiymətlərini təxminən 40 faiz ucuzlaşdırılmasından sonra avropalı turistlərin daha çox cəlb edilməsi imkanları idi. Bundan başqa, Türkiyəyə turizm axınında Avropa istiqamətinin çəkisinin son vaxtlar artması da Türkiyəyə rus turistlər üçün heyfslənməmək imkanı verirdi. 2013-2014-cü illərdən fərqli olaraq 2015-ci ildə turistlərin sayına görə Almaniya lider olub. İlin 11 ayında Almaniyadan Antalyaya 3 milyon 89 min nəfər turist gəlib. Bu da Almaniyanın turizm bazarında Antaliyaya gələnlərin sayının 6 faiz artması deməkdir. İngilis turistlərin sayı 3 faiz artaraq 457 minə yüksəlib. Ukraynalılar da rusların acığına Türkiyəyə axın ediblər. Bu ölkədən səfər edən  turistlərin sayı 11 faiz yüksələrək 316 min nəfərə çatıb. Maraqlıdır ki, İsraildən Türkiyəyə gələn turistlərin sayı yenidən artmağa başlayıb. Antaliyaya dincəlməyə gələn İsrail vətəndaşlarının sayı nə az, nə çox 12,7 faiz artıb. Ötən ilin 11 ayında 90 min nəfər turist gəlmişdisə, bu il həmin rəqəm 101 min nəfər olub.
Bu vəziyyət Avropanın turizm şirkətlərini də narahat etməyə başlamışdı. Bolqarıstanın Turizmin Qiymətləndirilməsi və Analiz İnstitutunun nümayəndəsi Rumen Draqanov ölkədəki turizm şirkətlərini Rusiyadan Türkiyəyə çarter reyslərinin qadağası və turpaketlərin satışının dayandırılmasına sevinməməyə çağırıb. "Mümkündür ki, Rusiya turistləri Türkiyənin əvəzinə Bolqarıstanı seçəcəklər. Amma çətin ki, bu bizə xeyir gətirəcək. Üç milyon Rusiya turisti türk kurortlarına getməsə belə, Bolqarıstanın sadəcə olaraq o qədər turisti qəbul etmək imkanı yoxdur", - Rumen Draqanov bildirib.
Onun sözlərinə görə, Türkiyədə turizm sahəsində qiymətlərin aşağı salınması ilə bağlı böyük təcrübəsi var: "Bu siyasət imkan verəcək ki, Türkiyə bizdən alman, ingilis və Skandinaviya turistlərini alsın".
Göründüyü kimi, Rusiya vətəndaşlarına Türkiyə yolunu bağlasa da, hər şey Ankaranın istədiyi kimi gedirdi. Amma İstanbulda dünən baş verən terror aktı Türkiyə turizmini nokauta sala bilər. Məlum olduğu kimi, 28 yaşlı suriyalı kamikadzenin hədəfi turistlər olub. Ölən və yaralananların əksəriyyəti isə Türkiyəyə gələn turistlərin sayına görə lider olan almanlardır. Qərb mediası və dünyanın nüfuzlu telekanalları hadisə barədə xəbər verərkən hadisə baş verən ərazinin turizm bölgəsinin olmasını xüsusi olaraq vurğulaması, ABŞ-ın CNN telekanalı, AFP və "Reuters" xəbər agentliklərinin qanlı görüntüləri senzurasız verməsi də işləri Türkiyənin əleyhinə çevirə bilər. Halbuki, 130-dan çox adamın öldüyü Fransada Qərb mediası çox həssas davranmış, qanlı görüntüləri verməkdən çəkinmişdi. Qərb mediasının İstanbuldaki hadisə ilə bağlı fərqli davranmaqla "Türkiyə turistlər üçün təhlükəsiz ölkə deyil" mesajı verir və sanki Sergey Lavrovun  "Türkiyə Rusiya vətəndaşları üçün təhlükəsiz ölkə deyil" fikrini qüvvətləndirir.
Terror aktından sonra Türkiyə ilk pis xəbərləri artıq almaqdadır. Almaniyanın turizm agentlərinin böyük hissəsi müştərilərinə Türkiyə istiqamətində satılan biletlərin ödənişsiz qaytarılması və ya da başqa bir tarixə keçirilməsi üçün xidmət təqdim edildiyini açıqlayıb. Tomas Cook şirkətinin müştəriləri 22 yanvar tarixinə qədər olan İstanbul üzrə biletlərini ləğv etmə və ya başqa bir tarixə təxirə salmaq imkanına sahibdir. ITS, Jahn, Travelix, Dertour, Meier's Weltreisen və ADAC turizm şirkətlərinin müştəriləri isə 10 fevrala qədər qüvvədə olan biletlərini ləğv edə, yaxud da vaxtını dəyişdirə biləcəklər.
Bəzi şirkətlərin isə İstanbula turpaketləri təhlükəsizlik səbəbiylə daha əvvəldən ləğv etdiyi məlum olub. Studiosus turizm agentliyi terror aktından bir ay əvvəl müştərilərinə belə bir xidmət təklif etdiyini açıqladı. Alltours şirkəti isə bir neçə həftə əvvəl təhlükəsizlik səbəbi ilə İstanbul istiqamətində turizm səfərlərinin proqramdan çıxarıldığını bildirib.
Türkiyənin tanınmış iş adamı Aydın Doğanın rəhbəri olduğu "Hürriyet" qəzetinin ölkənin turizm sektoru ilə bağlı proqnozu da təşviş doğurur. Qəzet İstanbulda törədilən partlayışdan bir neçə dəqiqə sonra "Sultan Əhməd partlayışı bölgə turizminə zərbə vurdu" və "2016-cı ildə Türkiyə turizminin sonu çatdı" başlıqlı xəbərlər yayımlayıb.
İstanbuldakı terror aktının Türkiyənin rus turistlərindən məhrum olmasından dərhal sonra baş verməsi təsadüf sayıla bilməz. Terror aktının qurbanlarının məhz avropalı turistlər olması onu göstərir ki, mesaj məhz Ankaranın rus turistlərlə əvəz etmək istədiyi və daha pullu avropalı turistlərədir. Ankara və Moskva arasında münasibətlər qaydaya düşsə də iqtisadi böhranın vurduğu rusların xarici ölkələrə, o cümlədən Türkiyəyə turizm səfərlərinə meylli olması şübhə doğurur. Türkiyəyə daha varlı avropalı turizm lazımdır. İstanbul terror aktı və bundan sonra məhz turizm bölgələrində baş verə biləcək mümkün terror aktları Türkiyəni avropalının, ümumilikdə qeyri-rusların gözündə iraqlaşdıra, suriyalaşdıra bilər.
Göründüyü kimi hədəf Türkiyə iqtisadiyyatıdır. Elə isə terror aktının arxasında kim dayana bilər. Ağla kim gəlmir ki - Avropa, ABŞ, Suriya, İran, Rusiya, İsrail, İraq... Yoxsa son illər turistlərin xeyli hissəsini Türkiyəyə güzəştə getməyə məcbur olan Misir?

Назад

Koнтакт

Голос Азербайджана (Azerbaycanin sesi)
Amerika -Vashinqton,Америка -Вашингтон

Новости

1 | 2 | 3 | 4 | 5 >>

© 2015 Все права защищены.

Создать бесплатный сайтWebnode